Yolunuz açıq, işləriniz uğurlu olsun!

129

Əziz həmkarlar!                                       

Dekabrın 31-i xalqımızın milli və mənəvi bütövlüyünü təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, bir gün sonra isə yeni təqvim ilinin daxil olmasını bayram edəcəyik. Sizi bu bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil respublikamızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   

Həmrəylik hər bir xalqın varlığı üçün çox vacibdir. Məhz buna görə, Ulu öndər Heydər Əliyev hələ müstəqilliyimizin ilk aylarında, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci il dekabrın 16-da ilin son gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.  

2022-ci il artıq tarixə çevrilir. Yola saldığımız il yaddaşımızda ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha qüdrətli və daha xoşbəxt  Azərbaycan naminə həyata keçirilən nəhəng layihələr və  xain qonşularımızın işğalı altında olanda xarabazara çevirdikləri  ərazilərimizdə otuz il əvvəlki həyatın canlandırılması üçün görülən əvəzsiz işlərlə qalacaq.

Dünyada geosiyasi təlatümlərin və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda gənc, müstəqil respublikamızın  bütün sahələrdə qazandığı uğurlar şübhəsiz ki, təməli Ulu öndər tərəfindən  qoyulan və varisi tərəfindən məharətlə davam etdirilən kursun alternativsizliyini təsdiləyir.

Dövlət başçımızın dənizçilərə də heç vaxt azalmayan diqqət və qayğısı 2022-ni ASCO üçün də uğurlu ilə çevirdi.  Beynəlxalq standartlara uyğun fəaliyyət göstərən Gəmiçiliyin Xəzərdə aparıcı mövqeyini qorumaq, fəaliyyətinin şaxələndirmək, donanmalarımızı bütün parametrlərinə görə sələflərini xeyli üstələyən yeni gəmilərlə gücləndirmək mümkün oldu.   

Cari il aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin, dekabrın 7-də isə həmin  zavodda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimlərində iştirak etməsi isə bizə sonsuz sevinc bəxş etdi.

Yeri gəlmişkən qeyd edək ki, görkəmli neftçinin adını daşıyan yeni tanker Bakı Gəmiqayırma Zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Yeni gəmilər donanmalarmızın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdəndir. ASCO-nun Strateji İnkişaf Planına uyğun olaraq Bakı Gəmiqayırma Zavoduna tikintisi sifariş verilən on gəmidən doqquzu, o cümlədən bir yedək, üç sərnişin, iki Ro-Pax tipli gəmi-bərə və üç tanker dənizçilərimizə təhvil veriləndən sonra uğurla istismar edilir. Gəmilərin tikintisinin əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşdirilməsinin özü az sevindirici fakt deyil.  Bununla dənizçilər həm də ölkəmizdə gəmi tikintisi sənayesinin inkişafına öz töhfələrini verirlər.

Qara dəniz və Aralıq dənizi hövzələrində isə Azərbaycan bayrağı altında doqquz gəmi — 6 quru yük gəmisi və 3 tanker istismar edilir.

Daha bir xoş hadisə ilin sonuna təsadüf etdi. “ASCO istiqrazları” tədavülə buraxıldı.

İstiqrazlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin inkişafı üçün əlavə vəsait imkanı yaradacaq və əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Tədavülə buraxdığımız istiqrazların ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcəyi də şübhəsizdir.

Nominal dəyəri 1000 ABŞ dolları və illik faiz dərəcəsi 6% olan istiqrazları əldə edən fiziki və hüquqi şəxslərə ildə iki dəfə — 6 aydan bir faiz dərəcələri ödəniləcək.

Əziz həmkarlar!

2023 “Heydər Əliyev İli”dir. Bu həm də öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin — Ümummilli liderimizin anadan olmasının 100 illiyini layiqincə qarşılamaq üçün çiynimizə daha yaxşı işləmək məsuliyyəti qoyur.

Əminəm ki, kollektivimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və ölkə həyatının bütün sahələrində daha böyük yüksəlişi təmin edəcək yeni islahatlar konsepsiyasını Yeni ildə əməli işi ilə dəstəkləyəcək, dəniz nəqliyyatı qarşısında qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artmasına sanballı töhfə verəcək.

Əziz həmkarlar! Yeni ildə canınız sağlam, süfrələriniz bərəkətli, işləriniz uğurlu olsun!                                       

          Rauf  VƏLİYEV,

         “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri